Türkiyənin “Qalatasaray” komandası növbəti mövsüm basketbol üzrə Çempionlar Liqasında mübarizə aparacaq. Bu barədə klubun nümayəndəsi Ömər Cansever xəbər verib.  

Ötən mövsümə qədər Avroliqa bayrağı altında Avrokubok turnirində mübarizə aparan İstanbul basketbolçularının qərarını dəyişməsinin səbəbi haqda məlumat yoxdur. Amma klub rəsmisi ictimaiyyətə FİBA ilə anlaşmalarının təfərrüatına dair məlumat yayıb.  Onun sözlərinə görə, Çempionlar Liqasında çıxış edən komandalara FİBA  debüt mövsümündə 250 min avro ödəyir. Amma “Qalasaray”ın marka dəyərinə görə FİBA onlara 350 min avro verəcək.  O, qarşıdakı 5 mövsümdə bu liqada mübarizə aparacaqlarını açıqlayıb.

 Avropa mətbuatının yazdığına görə, Türkiyənin “Fənərbağça” komandası da Avroliqada yerini itirə bilər.Səbəb odur ki, İstanbul klubu oyunçularının məvacibini yubadır. Məlumatda deyilir ki, “Fənərbağça” Avroliqada çıxış etmək istəyirsə, avqustun 15-nə qədər basketbolçuların əməkhaqqını tam ödəməlidir.